Yetkinlik yaşına çatmayanların dəhşətli abort statistikası-RƏQƏMLƏR

Azərbaycanda hamiləliklərin abortla başa çatmasının yeni statistikası açıqlanıb.

 

Tibb.az saytının məlumatına görə, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova bildirib ki, son statistikaya görə, 20 yaşa qədər olan qadınların 13 faizinin, 20-24 yaşlıların 28 faizinin, 25-34 yaş arasındakıların 58 faizinin, 35-44 yaşlıların isə 75 faizinin hamiləlikləri abortla başa çatır.

 

2011-ci ildə Azərbaycan üzrə yeniyetmələr arasında abort etdirənlərin sayı 1204 nəfər olub. Onlardan 135 nəfəri 15-17 yaş arasında, 1069  nəfəri isə 18-19 yaşlı olub.

 

Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş üçün 2,9 faiz, 15-17 yaşlılar üçün 0,6 faiz, 18-19 yaşlılar üçün isə  6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti abortlar - 40.9 faiz, uşaqsalma 6 faiz və ölü  doğuş isə 0.4 faiz olub.

 

L. Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 500 olubsa, 2012-ci ildə bu göstərici  31 000 olub.  Statistikada əsas diqqəti çəkən isə yetkinlik yaşına çatmayanların, yəni 15-17 yaş arasında olanlardan 135 nəfərin abort olunmasıdır.

 

 

 

“Bu, elə böyük rəqəm deyil, amma...”

 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyib ki, 135 rəqəmi yalnız rəsmən qeydə alınmış abortların sayıdır: “Elə UNİCEF-in hesabatında Azərbaycanda 5 min erkən nikah faktının qeydə alındığı bildirilib. Erkən nikahlardakı abort ayrıca araşdırmaya ehtiyac olan məsələdir".

 

 

Ekspert bildirib ki, zorlanmadan sonra aborta müraciət edənlər də olur: "Üçüncü kateqoriya seks xidməti göstərən gənc xanımlardır ki, onların da aborta müraciət etməsi barədə kifayət qədər fakt var. Hesab edirəm ki, erkən seksual münasibətlərdən yaranan abortlar bu siyahıda üstünlük təşkil edir. 135 nəfər isə elə böyük rəqəm deyil, amma bunun hansı hədəf qruplarından olması araşdırılmalıdır".

 

 

“Polisə məlumat verilir”

 

 

7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova deyir ki, onlara müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur, bu isə qadının orqanizmi ilə bağlı məsələdir. Yəni bu məsələdə qeyri-adilik axtarmaq lazım deyil: “Ola bilər, səhhətində hansısa problemi var, buna görə abort məcburiyyəti yaranır. Ekstrogenetal xəstəlik, sosial problemlər üzündən də abort etdirənlər az deyil. Nikah yaşına çatmayanlar arasında hamiləlik təsadüfi hadisə sayılmamalıdır. Elə olur ki, toy edirlər, amma gənclərin yaşı qanunvericiliyə uyğun olduqdan sonra münasibət rəsmiləşdirilir”.

 

 

S. İsmayılova belə olanda nikah yaşına çatmayan qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir: “Belə abortlarda vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır”.

 

 

Baş həkim bu məsələdə psixoloji məqamları da nəzərə almağı vacib sayır: “Yəni bu qadınların yaşının az olması o demək deyil ki, onlar hamısı təsadüfi cinsi əlaqədən hamilə qalıblar. Məsələn, yetkinlik yaşına çatmayıb ana olmağa hazırlaşanları çox vaxt anası, qaynanası, qohumu gətirir. Çünki onların icazəsi lazımdı. Bu çox ciddi məsələdir, sonrakı məsuliyyəti var.Yetkinlik yaşına çatmayan pasientlər haqqında isə polis orqanlarına müraciət edilir, sonrakı mərhələ ilə məsləhətxananın hüquqşünası məşğul olur”.

 

 

Cinayət var, cəza yoxdur

 

 

 

5 saylı hüquq məsləhətxanasının hüquqşünası Səfa Məmmədova deyir ki, istər ailə qurmuş olsun, istərsə də təsadüfi cinsi əlaqə, fərqi yoxdur, hər bir halda yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan və ya seksual xarakterli digər hərəkətlər edən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

 

Son vaxtlar belə hadisələrin çoxalması səbəbindən həmin maddənin birinci və ikinci bəndinə dəyişiklik edilməsi, cəzanın sərtləşdirilməsi nəzərdə tutulur.  Hüquqşünas deyir ki, dəyişikliyə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə, yaxud zor tətbiqetmə hədəsi ilə, eləcə də zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

 

Naibə QURBANOVA

tibb.az

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018