Ginekoloqdan şok açıqlama: “Bizdə qeysəriyyə əməliyyatı aparmaq üçün həkimlərin sertifikatı yoxdur”

“Bizdə qeysəriyyə əməliyyatı aparmaq üçün həkimlərin bir sertifikatı yoxdur”

 

İndi qadınların çoxu təbii doğuşdan çox qeysəriyyə əməliyyatlarına meyl edir. Bu, bəzən onların öz istəkləri, bəzən də həkim məsləhəti ilə həyata keçirilir. Çoxları bu yolla uşaq dünyaya gətirməyi fəsadsız saysa da, təcrübə göstərir ki, qeysəriyyə zamanı ana ölümləri ilə bağlı risklər təbii doğuşdan artıqdır. Qeysəriyyə əməliyyatları ilə bağlı bizi maraqlandıran suallarımızı Mərkəzi Neftçilər Xəstəxanasının Ginekologiya şöbəsinin həkim-ginekoloqu Kamran Nağıyev cavablandırır.

 

- Kamran həkim, qeysəriyyə əməliyyatlarının sayı artıb. Qadınlar nəyə görə, təbii doğuşdan çəkinir? Bəlkə, həkimlərin özləri bu əməliyyatlara maraq göstərir və qadınlara da əməliyyatla doğuşu tövsiyə edir?  

 

- Bunun bir neçə səbəbi var. Birincisi, normal doğuş aparan həkim xəstənin yanında uzun müddət qalmalıdır. Lakin qeysəriyyə əməliyyatı, 30-40 dəqiqə vaxt apardığından həkim vaxta qənaət etmiş olur. Digər problem isə qadın məsləhətxanalarından başlayır. Həmin məsləhətxanalarda həkim hamilə qadının uşaqlıq yolunun müayinəsini aparmadan ona, “sən arıqsan”, “çanağın dardır”, və s. deyərək, psixoloji təsir edir. Nəticədə hamilə qadın doğuşun problemli olacağından qorxur və artıq həkimin yanına gələndə qeysəriyyə əməliyyatı istədiyini deyir. Onu bu fikirdən yayındırmaq çətin olur, qadın psixoloji cəhətdən təbii doğuşdan daha çox, qeysəriyyə əməliyyatına hazır olur.

 

İkincisi məsələ hamilə qadının öz istəyi və yaxınlarının rolu ilə bağlıdır. Doğuş üçün qeysəriyyə əməliyyatının lazım olub-olmadığını yalnız həkim deyə bilər. Bu, hamilə qadının, yaxud da onun yaxınlarının istəyi ilə olmamalıdır. Uşaqlıqda, bədənin digər orqanlarda problem, doğuş üçün əks göstəriş yoxdursa, təbii doğuş həyata keçirilməlidir. Doğuş zamanı, məsələn, uşaq böyük olarsa, doğuş irəliləməzsə, açılış getməzsə və uşaq üçün təhlükə yaranarsa, bu zaman qeysəriyyə əməliyyatı haqqında qərar verilə bilər. Hər bir həkim qeysəriyyə əməliyyatı üçün verdiyi qərarı əsaslandırmalıdır. 

 

- 30 yaşdan sonra qadın ilk övladını və eləcə də, sonrakıları təbii doğuş yolu ilə dünyaya gətirə bilməyəcəyi iddia edilir. Bu doğrudurmu?

 

- 30 yaşda qadının uşaq dünyaya gətirməsi Azərbaycanda gec sayılsa da, xarici ölkələrdə çox vaxt qadın ilk uşağını elə 35 yaşda dünya gətirir. Gec doğuş deyilən bir şey yoxdur. Kliniki dar çanaq deyilən bir anlayış var. 30-35 yaşlı qadın üçün təbii doğuş kəskin göstəriş deyil. Amma məsələn, qadının 30 yaşı varsa və onda təbii doğuş üçün problemlər müşahidə edilirsə, bu zaman həkimin göstərişi ilə qeysəriyyə əməliyyatı təyin edilə bilər. Yox, əgər əks göstəriş olacaq problem yoxdursa, qadın təbii doğuşa hazırlanmalı və bu, həyata keçirilməlidir.      

 

- Qeysəriyyə əməliyyatları hansı hallarda ölümlə nəticələnə bilər. Bu əməliyyatlar zamanı yaşanan ana ölümlərinin əsas səbəbi nədir?

 

- Bütün müayinələrdən keçən hamilə qadının doğuş zamanı həyatını itirməsi minimuma enir və bu, çox nadir hadisə ola bilər. Elə hamilə qadın var ki, üç aydan bir müayinəyə gedir, lakin lazım olan digər müayinələrdən keçmir. Ya da ailəsi buna imkan vermir. Doğuş zamanı bir problem çıxanda isə hamı həkimi günahkar görür. Həkim doğuşun həyata keçirildiyi bir-iki saat ərzində hamilədə olan bütün xəstəlikləri müəyyənləşdirə bilməz, bu mümkünsüzdür.

 

Doğuşsonrası dövrdə ölümlərin əsas səbəbi ürək patologiyasıdır. Mən istər təbii, istərsə də qeysəriyyə əməliyyatı ilə doğuşun aparılacağı hamilə qadından başqa müayinələrlə yanaşı, hökmən ürəyin exokardioqrafiyasını da tələb edirəm. Ürəkdə kardiomiopatiya kimi bir patologiya aşkar oluna bilər. Birinci hamiləlikdə olmasa da, ikinci hamiləlikdə bu problemin üzə çıxması mümkündür. Bu, çox ciddi ürək çatışmazlığına gətirib çıxarır. Çox nadir hallarda belə xəstələri vəziyyətdən çıxarmaq olur. Lakin bu problemi əvvəlcədən bilib qarşısını almaq mümkündür. 

 

- Əslində, bu əməliyyatları kim aparmalıdır? Bu sahədə xüsusi ixtisaslaşma olmalıdır, yoxsa, bütün ginekoloqlar qeysəriyyə əməliyyatları edə bilər?

 

- Bununla Həkimlərin Təkmilləşdirmə İnstitutu məşğul olmalıdır. Bilirsiniz, həkimlərə sertifikat verilən zaman onların nəzəri biliklərini yoxlamaq olur, təcrübi biliklərini aşkar etmək olmur.

Əgər xəstəxanada 10 həkim varsa, onun 2-si qeysəriyyə əməliyyatı üzrə mütəxəssis olmalıdır. Digər həkimlər də, onlarla əməliyyata girməklə, tədricən bu işi öyrənməlidirlər. Həkimin qeysəriyyə kəsimi edə biləcəyini təsdiqləyən sertifikatı olmalıdır. Xarici ölkələrdə qeysəriyyə əməliyyatı həyata keçirmək istəyən həkim xüsusi kurs keçir və bunun üçün sertifikat alır. Bizdə isə qeysəriyyə əməliyyatı aparmaq üçün həkimlərin belə bir sertifikatı yoxdur və azdan-çoxdan qeysəriyyə əməliyyatı bacaran həkim bu cür məsuliyyətli əməliyyat edir.

 

- Qeysəriyyə yolu ilə neçə dəfə uşaq dünyaya gətirmək olar?

 

- Qeysəriyyə yolu ilə neçə uşağın dünyaya gətirilməsinin mümkünlüyü həkimin bu əməliyyatı aparma texnikasından asılıdır. Əgər ilk qeysəriyyə əməliyyatı doğuşa yaxın, ilk ağrılarla aparılıbsa, kəsik uşaqlığın alt hissəsində, yəni alt seqmentdə aparılıbsa, dörd-beş, hətta altı dəfə doğuş mümkündür. Peşəkar həkimin apardığı qeysəriyyə əməliyyatından bir, ya da bir il yarım sonra təkrar hamilə qalmaq olar. Yox, əgər əməliyyat köhnə üsulla, uşaqlığı düz ortadan yarmaqla aparılıbsa, bu, çətin olur. Çünki uşaqlığın ortası qalındır və onun bərpası vaxt aparır. İkinci hamiləlikdə həmin hissə dartıla və ayrıla bilər. Ona görə də, deyirlər ki, iki ildən tez hamilə qalmaq olmaz. Uşaqlığın aşağı seqmenti isə nazik divar olduğundan orada təzyiq olmur və qadın 1,5 ildən sonra da hamilə qala bilir. Hətta bəzi hallarda onlarda təbii doğuş da mümkün ola bilər. Odur ki, qeysəriyyə əməliyyatından sonra neçə dəfə hamilə qalmağın mümkünlüyü bu əməliyyatın texnikasından asılıdır.

 

- Qeysəriyyə əməliyyatları üçün regional anesteziya və ümumi narkozun verilməsi arasında fərq nədir? Hansı daha ziyansızdır?   

 

- Ən yaxşı üsul spinal anesteziyanın verilməsidir, yəni beldən keyləşdirmə yolu ilə. Yalnız təcili şəkildə aparılması vacib olan qeysəriyyə əməliyyatlarında ümumi narkozdan istifadə edilməlidir. Bu zaman da uşaq beş dəqiqə ərzində bətndən xaric edilməlidir. Əks halda, anaya vurulan dərmanların bir hissəsi uşağa keçir. Uşağın ağ ciyəri funksiyasını yerinə yetirə bilmir və vaxtında açılmır. Bu zaman uşaqla bağlı bir sıra reanimasiya tədbirlərinin görülməsinə ehtiyac yaranır. Təcrübəsiz həkimin bu tədbirləri həyata keçirə bilməməsi isə uşağın tələf olması ilə nəticələnə bilər.         

 

Beldən verilən anesteziya isə uşağa heç bir mənfi təsiri göstərmir və əməliyyat zamanı tələsməyə də ehtiyac qalmır.

 

- Adətən qeysəriyyə əməliyyatları təbii doğuş vaxtına iki həftə qalmış aparılır. Sizcə, bu doğrudurmu?

 

- Çox təəssüf ki, bizim bəzi həkimlərimiz qeysəriyyə əməliyyatını doğuş müddətinə iki həftə qalmış aparırlar. Bu zaman da ananın döşlərinə süd gəlməsi problemi yaranır. Yəni süd 10-12 gün sonra gəlir. Ona görə də, bu əməliyyatlar doğuşa yaxın müddətdə aparılmalıdır ki, uşaq süni qidalarla bəslənmək məcburiyyətində qalmasın. Süni qidaya öyrənən uşağı sonradan döş əmizdirməyə alışdırmaq mümkün olmur. Ona görə də bu əməliyyatlar təbii doğuş üçün təyin edilmiş müddətdə aparılmalıdır, təxminən hamiləliyin 39-cu həftəsində.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018