Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir

Bu gün xalq təqvimi ilə Novruzun ikincisi çərşənbəsi – Od çərşənbəsidir. Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır. 

 

Ailem.az-ın məlumatına görə, Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Qədim Azərbaycan xalqının təfəkkürüncə, od işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə  Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

 

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

 

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

 

Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. 


Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn, od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan! 
 

Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.   
 

Od çərşənbəsi özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır. 
 

Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.


 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018