ÇAĞIRIŞ: Tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın

“Gənc Vətəndaş” İctimai Birliyi təhsillə bağlı çağırış edib.

 

Bununla bağlı Ailem.az-a məlumat verən birliyin icraçı direktoru Günel Səfərova bildirir ki, uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır: “Uşaqların hüquqları, uşaqların müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. Ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs uşaqların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir”.

 

G. Səfərova bildirir ki, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər: “Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir. İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar. Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır”. “Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir. Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, yəni çəkinirlər, çünki tərbiyə bu cür verilib”-deyə o vurğulayır.

 

İcraçı direktorun sözlərinə əsasən, burada ailə ilə yanaşı, müəllimlərin də günahı var: “Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Cəmiyyətin müəllimlərdən gözləntiləri də az deyil. Ona görə müəllimlər ciddi hazırlanmalıdır. Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, bunun əsas səbəbi pedaqoqların "uşaqların dili"ni bilməməsidir. Müəllim uşağı anlamırsa, problem oradan başlanır”.

 

G. Səfərova "Gənc Vətəndaş" İctimai Birliyinin ali pedaqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək təklif irəli sürdüyü barədə də məlumat verir: “Yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın. Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar”. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018