Menyusu leş ətindən ibarət Afrika marabusu - FOTOLAR

"Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətə baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldir, yaraşıq üçün qoyublar. Çünki elə nə vaxt çıxıb baxırdım - eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu, əməllicə diri imiş. Leyləkkimilər sinfinin nümayəndəsi olan Afrika marabusu zahirən kərkəsə də çox oxşayır. Elə həyat tərzində də oxşarlıqlar çoxdur: kərkəs kimi bu da leşlə qidalanmağa üstünlük verir". Ailem.az-ın məlumatına görə, bunu azərbaycanlı səyahətçi-fotoqraf Arif Ələkbər deyib. O, Tanzaniyada Afrika marabusunun fotolarını çəkib. Fotoları və fotoqrafın marabus haqqında maraqlı qeydlərini diqqətinizə çatdırırıq.

 

 

Böyük Səhradan cənubda, Afrikanın əksər yerlərində yayılan bir quşdur. Bataqlıq yerləri bol olan məkanlarda daha çox olur. Savannada da çox uçur, çünki orda şərait istədiyi kimidir və yeyib-içmək olan yerləri daha tez görə bilir.

 

- Boyu metrə yarımdır. Çəkisi də 9 kiloqramadək. Bu boyda cəmdəyi yedirtmək üçün gündəlik 1 kiloqramadək azuqə tələb olunur.

 

- Leyləklər kimi nazik dimdikləri olmasa da, uzun və arıq ayaqları var. Dimdik demişkən, onun hesabına arada çaqqal, kaftar (giyena) və kərkəslərin də "gününü qara eləyir": leş üstə qırğına çıxanda başqa quşları dimdikləyib uzaqlaşdırır.

 

 

- Pərvazlananda leylək kimi boynunu irəli uzatmır, əksinə, kərkəs kimi əyib saxlayır. Kərkəsə digər oxşar cəhəti - başında tükün az olmasıdı. Bu da başlarını leşin iç-çalatına dürtüştürmək üçün çox rahatdır. Həm də lələkləri olsaydı, leşin içində var-gəl edəndə mütləq qana bulaşacaqdı ki, bu da öz növbəsində sonradan müxtəlif parazitlərin əmələ gəlməsinə şərait yaradacaqdı.

 

 

- Leşdən başqa menyularında balıq, qurbağa, kiçik məməlilər, hətta bala timsahlar, digər quşlar da var. Bir sözlə, dimdiyinə düşən bütün xırda canlıları yeyir.

 

- Bir çox quşlar kimi, marabu da öz cütü ilə ömrünün axırına kimi birlikdə olur. 4 yaşında "ailə qurur". Yuvalarını birgə qururlar. Elə yumurtadakı balanın qayğısına da birlikdə qalırlar. 4-5 aylığında balalar valideynlərini tərk edib sərbəst həyata atılırlar.

 

- 25 ilədək yaşayırlar.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018