Bu quş ilanların bir nömrəli düşmənidir – FOTO

Azərbaycanlı səyahətçi-fotoqraf Arif Ələkbər Tanzaniyada Serengeti qoruğunda çəkdiyi katib quşunun fotolarını paylaşıb. Ailem.az həmin fotoları və bu quş haqqında qeydlərini təqdim edir.  

 

İlancıllar və ya katib quşu Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə sevilir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Sudan və Cənubi Afrika Respublikasının gerblərində də katib quşu əks olunmuşdur.

Böyük Səhranın cənub sərhədlərindən Afrikanın cənubuna kimi geniş bir arealda yayılıb.

 

125-150 sm boyu, qanadlarını açanda isə 2 metrdən də çox olur. Amma çəkisi yüngüldür: cəmi 4-5 kiloqram. Erkək fərdlər dişilərdən bir balaca iriəlidir ki, bu da onları bir-birindən fərqləndirən yeganə meyardır.

 

Başındakı bir neçə kəkili də onu başqa quşlardan fərqləndirir. Elə bu kəkillərinin hesabına da bu adı onlara qoyublar: keçmişdə məhkəmə katibləri öz pariklərinə qələm kimi istifadə etdikləri ördək lələklərini bu cür taxmağı xoşlayırdılar.

 

Sürətlə uçmaqla araları yoxdur, əvəzində yerdə güllə kimi cəlddirlər. Gəzməyi xoşladıqlarına görə ayaqlarının aşağı hissəsi çox uzundur. Uzun ayaqlarına görə leyləyə də oxşayır. Gün ərzində 30 kilometrədək məsafə qət edə bilirlər. Qısa, lakin çox güclü barmaqlarının hesabına ilanlara ölümcül zərbələr endirirlər.

İyun-avqust aylarında “ailə qururlar”. Yuvaları hündür ağacların başında tikirlər. Diametri 150 sm-dək olan yuvada 1-3 yumurta qoyurlar. Yumurtaların qayğısına ancaq dişi fərd qalır. 8 həftədən sonra bala dünyaya gəlir, 2 aydan sonra isə yuvanı tərk edib, sərbəst həyata start verir.

 

Katib quşunun ən sevimli qidası ilanlardır. İlanı görən kimi birbaşa üstünə cumur. Möhkəm ayağı ilə bir neçə dəfə ilana zərbə endirərək, onu sıxmağa başlayır və ən sonda da dimdiyi ilə zərbə endirir. Şikarını dimdiyinə alıb uçaraq, hündürlükdən yerə çırpmaqla da onu qidaya çevirir.

 

İlandan əlavə qurbağadan tutmuş kiçik məməlilərə kimi yeyirlər. Başqa quşların yumurtalarını, hətta tısbağaların çanaqlarını da dimdikləyib qida kimi istifadə edə bilirlər.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018