Afrikaya səyahət edən fotoqrafımız: “Aslan düz avtomobilin yanında imiş...” - FOTOSESSİYA

Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbərin Ailem.az-a müsahibəsini təqdim edirik.

 

- Əvvəlcə ondan başlayaq ki, Əli Əkbər, yoxsa Arif Ələkbər? Sənəddəki adınız hansıdır?

 

- Sənəddə adım Arif Ələkbərdir. Facebookda qeydiyyatdan keçəndə soyadımı iki hissəyə bölüb yazdım. Elə o vaxtdan da Əli Əkbər qaldı. Amma Əli deyəndə də həmişə hay verirəm.

 

- Dövlət qulluqçusunuz, eyni zamanda həvəskar fotoqrafsınız. Üstəlik səyahətçi fotoqraf. Bir-birilə yaxın olmayan iki ayrı sənətin sahibi. Fotoqrafiyaya maraq necə, hardan yarandı?

- Fotoqrafiyaya maraq, bir qədər şablon səslənsə də, hələ məktəb yaşlarından yaranıb. O vaxtlar Yeni il gecəsi televiziyada Almaniyadakı “Peter's Pop Show” verilirdi, əsasən, Avropa ulduzlarının çıxışları olurdu. Həm musiqiyə, həm də fotoqrafiyaya olan marağımın sintezindən həvəslənərək, elə televizor ekranından o şoudan kadrları çəkirdim. Təbii ki, o vaxt rəqəmsal fotoaparatlar yox idi. Keyfiyyətləri çox aşağı olsa da, həmin fotoları hazır edib, qürurla məktəb yoldaşlarıma göstərirdim. Fotoqrafiya məndə bir hobbi olaraq qalır. Sevdiyim, həzz aldığım, ruhən dincəldiyim bir hobbi.

 

- İlk peşəkar fotoaparatınızı alanda neçə yaşınız vardı? Və o aparatla çəkdiyiniz ilk şəkli xatırlayırsınızmı?

 

- Fotoaparatın həvəskar və ya peşəkar olduğuna heç vaxt varmamışam. Heç nə deməyən fotoların peşəkar fotoaparatın məhsulu olması da önəmli olmur. İlk rəqəmsal fotoaparatımı 35 dollara almışdım. Sonradan bir neçə dəfə yeniləndi. Peşəkar kameranı isə 3 il əvvəl almışam. İlk fotosessiyamı da onunla Yaponiya səfərimdə etmişəm.

 

- Maraqlıdır, fotoları çəkəndə hansı hissləri keçirirsiniz? Obyekti əvvəldən planlaşdırıb seçirsiniz, yoxsa ekspromt alınır?

 

- Yox, planlı bir şey olmur, adətən. Ən çox vəhşi təbiəti çəkməyi sevirəm. Orda istəsəm də, planlı iş olmaz. Keçdiyin yerdə, məsələn, fil görürsənsə, həmin yerdən 5 dəqiqə sonra keçəndə tamam başqa bir heyvanı müşahidə etmək olar. Həm də çox mənzərələr olur, gözlə baxanda heyrətlənirsən, amma başa düşürsən ki, fotoda bu mənzərə öz möhtəşəmliyini qoruyub saxlamayacaq və bir foto kimi çox da maraqlı olmayacaq.

 

- Vəhşi təbiət demişkən, Afrikaya etdiyiniz səyahət və orda çəkdiyiniz fotolar böyük maraqla qarşılandı. Bu səfər necə gerçəkləşdi?

 

- Bu, mənim Afrikaya artıq 3-cü səfərim idi. Afrika faunası ilə bağlı sənədli filmlərə məndə hələ uşaqlıqdan maraq vardı. Elə o vaxtdan da beynimdə "Serengeti" sözü həkk olmuşdu. Serengeti Tanzaniyanın ən böyük, ümumilikdə, Afrikanın ən məşhur qoruğudur. Tanzaniyaya işlə əlaqədar uzun müddətə ezam olunmuş dostumun dəvətini alanda hədsiz sevindim və ilk səfərim baş tutdu. Elə onun sayəsində Afrikanı həqiqətən sevdiyimi anladım. Nəticədə səfərim davamlı oldu. Afrikaya birbaşa uçuş yoxdur, bildiyiniz kimi. Ora gedib çıxmaq yolları da maliyyə vəsaitindən asılı olaraq müxtəlifdir. İlk səfərdə Bakı - Dubay - Əddis-Əbəbə (Həbəşistan) - Dar Əs-Salaam (Tanzaniya), ikinci səfərdə Bakı - İstanbul - Dar Əs-Salaam, üçüncü səfərdə isə Bakı - Dubay - Nayrobi (Keniya) - Entebbe (Uqanda) marşrutu ilə getdim.

- Afrikada sizi ən çox heyrətləndirən nə oldu? Ümumiyyətlə, ordakı yaşam necədi?

 

- Afrikada 50-dən çox ölkə var. Hamısı haqqında da eyni fikri söyləmək düzgün olmaz. Məsələn, Cənubi Afrika Respublikası, Namibiya haqqında deyilənləri Sudana, Anqolaya da şamil etmək olmaz. Həmçinin, insanların yaşam tərzi də ölkələrdən asılı olaraq bir-birinə yaxın da ola bilər, fərqli də. Uqanda, məsələn, kasıb ölkə sayılsa da, əhalisi çox xoşbəxt görünürdü.

 

 Çox qonaqpərvər, istiqanlı idilər. Eləcə də Tanzaniya. Həftəyə və bəzən də aya 4 dollar qazancı olan insanın da Uqandada üzü daim gülür, nədənsə şikayətçi olduğunu görmürsən. Düşünmürəm ki, bunu bilərəkdən gizlədirlər. Sadəcə, alışdıqları həyat tərzidir. Heyrətləndirən isə yenə də vəhşi təbiət oldu. Filmlərdə, televiziyada izlədiklərin vəhşi heyvanı 1-2 addımlığında, öz təbii arealında görüncə heyrətlənməmək mümkün deyil.

 

- O vəhşi heyvanları çəkəndə nə kimi çətinlik yaşadınız? Məsələn, kameranı görüb üzərinizə hücum edən oldu?

 

- Əksər qoruqlara səfər edərkən əsas şərtlərdən biri də avtomobili tərk etməməkdir. Avtomobillər özlüyündə safari üçün tam komfortlu, üst və ya yan tərəfi açıq vəziyyətdə olur. Qəribə də olsa, vəhşi heyvanlar avtomobillərə hücum etmirlər. Çox nadir hallarda ola bilər ki, nədənsə qıcıqlanıb avtomobili hədəfə alsınlar. Bəzən olurdu ki, bələdçi aslanı görüb avtomobili saxlayır, boylanırsan, göz gəzdirirsən, amma görmürsən. Sən demə, aslan elə düz avtomobilin yanında imiş.

Bizə heç fikir də vermirdi. Bu baxımdan çəkiliş üçün problem yaranmır. Bəzən avtomobilsiz də hərəkət etmək mümkün olur. Məsələn, Uqandada gərgədanları müşahidə etməyə piyada getmişdik. Qrup halında olmağımız, hündürdən danışmamağımız və məsafə saxlamağımız əsas şərtlərdən idi.

 

- Bəs fotoqraf kimi səyahət etdiyiniz ilk ölkə hansı olub?

 

- Fotoqraf kimi ilk dəfə 9 il əvvəl Hindistan və İsrailə səfər etmişəm.

 

- Səyahət etmək üçün maliyyə vəsaiti lazımdı təbii ki. Sizin bu səyahətlərinizi maliyyələşdirən qurumlar olur, yoxsa şəxsi vəsaitinizlə gedirsiz? Məsələn, üzvü olduğunuz Azərbaycan Fotoqraflar Birliyi hər hansı yardım edir?

 

- Artıq dediyim kimi, fotoqrafiya mənim üçün hobbidir və özümün çalışdığım daimi iş yerim var. Nə dəbdəbəli həyata meylliyəm, nə avtomobil həvəskarıyam. Yeganə həzz aldığım foto-səyahətdir ki, əldə etdiyim maliyyə vəsaitim də məhz elə buna sərf olunur. Yardımsız və sponsorsuz.

 

- Bildiyim qədər, fotolarınızdan biri "National geography" saytında yayımlanıb.

 

- Bəli, Tanzaniyanın Tarangire qoruğunda çəkdiyim bir foto “National geography”nin onlayn versiyasında “Redaktorun seçimi” olmuşdu.

- Arif bəy, ən çox sevdiyiniz, həyatınızda xüsusi önəmi, anlamı olan fotonuz hansıdı?

 

- Elə “National geography”də yayımlanan foto. Ani surətdə çəkdiyim o fotodakı zebraların düzülüşünü və s. Bakıya qayıdanda fotoya diqqətlə baxanda gördüm. Yaxınlarımın da bəyəndiyi fotodur.

 

- Maraqlıdır, heç ailə məclislərində, yaxınların toyunda qohum-əqrəbanın şəkillərini çəkirsiniz?

 

- Yox. Təkid edəndə deyirəm ki, mən ancaq flora-fauna çəkirəm.

- Afrikadan sonra yaxın vaxtlarda hansı ölkədə fotoreportaj etmək arzusundasınız?

 

- Namibiya, Danimarkanın Qrenlandiya adası və Çinin Tibet vilayəti. Hədəfdə ilk olaraq bunlardır, sağlıq olsa...

 

 

 

 

 

LENT

19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018