Siz bilirsiniz bəlkə, bu homeopatiya nə işə yarayır? - HƏKİM YAZIR

Ailem.az məşhur uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın alternativ tibb haqqında məqaləsini təqdim edir.

 

Alternativ təbabət haqqında yəqin eşitmisiniz.

 

Məsələn, xalq təbabəti: otlar, daşlar, hava və su ilə müalicə. Haradasa bilinən tarixi 5 000 ildir.

 

Bu 5 000 il ərzində insanlar epidemiyalardan, digər infeksion xəstəliklərdən, yaralanmalardan, xərçəngdən kütləvi şəkildə öldülər. Xalq təbabəti bununla bacara bilmədi. Bir az ağrını keçirdi, bəzi simptomları azaltdı, lakin adi vəbaya çarə tapa bilmədi.

 

Çində adamın bədəninə iynə zad soxub akupunktur adı ilə müalicə etməyə çalışdılar. Hardasa 3 000 ildir.

 

Bu 3 000 il ərzində insanlar epidemiyalardan, digər infeksion xəstəliklərdən, yaralanmalardan, xərçəngdən kütləvi şəkildə öldülər. Akupunktur təbabəti bununla bacara bilmədi. Bir az ağrını keçirdi, bəzi simptomları azaltdı, lakin adi vəbaya çarə tapa bilmədi.

 

Cərrahları uzun müddət rəsmi təbabətin içinə almadılar. Çünki o vaxtkı cərrahlar bildiyiniz dəllək idi; onlar daş görürdü - çıxarırdılar, ox görürdü - çıxarırdılar. O vaxtkı rəsmi təbabət kimi tanrıdan, ruhdan, cindən bəhs etmirdilər. Sadə insanlar idilər.

 

Min illər boyu təbabətdə əsl işi görənlər çox vaxt cərrahlar idi.

 

Haradasa 17-ci əsrdən başlayaraq bəzi ağıllı həkimlər artıq cərrahiyyənin göz ardı edilə bilməyəcəyini düşündülər və....özləri cərrahlığı öyrəndilər.

 

Avropada renessans hərəkatı dini əvvəlcə elmdən, daha sonra cəmiyyətdən sıxışdırıb çıxarmağa başladı. Elmin bütün sahələri inkişaf etməyə başladı.

 

Qaliley ilə bərabər elmdə yeni dövr başladı. Təbabət də ancaq elmi metodlarla aparılmağa başlandı.

 

Və başladı.

 

Artıq sidik kisəsi daşını çıxardığın xəstə ölmürdü.

 

Təbabət prostat xəstəliyindən ölənlərin sayını bugünkü dəyərlərə çatdırmaq üçün 300 ildir vuruşur.

 

Təbabətin dini xidmətin bir parçası olduğu vaxtlardan Avropada, Şərqdə kənd-kənd gəzib əldəqayırma cavanlaşdırma, diriltmə eliksirləri satan minlərlə şarlatan "kahin", "molla", "həkim" var idi.

 

XIX əsrin əvvəlində Almaniya ərazisində bu eliksirlərin təsirlərini izah etməyə çalışan bir axım başladı. Adı da Homeopatiya.

Bunlar su ilə təmas etmiş bir maddənin suya təsir etdiyini və o su molekulunun o maddə haqqında yaddaşa malik olduğunu iddia edirlər.

 

Bu nə deməkdir?

 

Yəni bu səhər tualetə buraxdığınız sidiyin içində unitaza dəyən 2 milyon 189 min 653-cü su molekulu yüzillər sonra belə sizin sidik kisəsində olduğunu xatırlayır.

 

Artıq elmi əsaslara oturmuş təbabət homeopatlardan bunu isbat etmələrini istədi.

 

İki yüz ildir ortada hələ də isbat yoxdur.

 

Bu 200 ildə homeopatiya adi vəba xəstəliyinə çarə tapa bilmədi.

 

Bu 200 ildə homeopatiya bir xərçəngi sağalda bilmədi.

 

Bu 200 ildə homeopatiya hepatit sağalda bilmədi.

 

Amma danışırlar.

 

Hələ də danışırlar.

 

Üstəlik peyvəndlərə qarşı çıxış edirlər.

 

Cərrahlıq minillər boyu konkret işlə məşğul oldu. Tanınması da minillər çəkdi.

 

Siz bilirsiniz bəlkə, bu homeopatiya "nəyşə" yarayır?

 

P. S. İlkin təbabət əksər yerlərdə dini xidmətin bir parçası idi. İlk həkimlər çox vaxt eyni zamanda din xadimləri idilər.

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018