Bakıda ərlərini axtaran qadınlar var

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi 2017-ci il üzrə illk hesabatını təqdim edib. Birlikdən Ailem.az-a verilən məlumata görə 1 il ərzində 9 minə yaxın insanı əhatə edən iş aparıblar.

 

Ölkədə Bakı, Bakıda Binəqədi birincidir

 

Ümumilikdə 239 müraciətin araşdırılması göstərir ki, Bakı yenə ilk yerini qoruyub saxlayır - 54 nəfər. Paytaxtın rayonları üzrə Binəqədi ilk sıradadır. Bu rayondan ümumilikdə 29 müraciət daxil olub. Bu isə təşkilatın sığınacağının həmin rayon ərazisində yerləşməsi, sözügedən rayonda əhali sayının çox olması, qaçqın və məcburi köçkünlərin say çoxluğu ilə yanaşı hüquq-mühafizə orqanlarının təşkilatla sıx  əməkdaşlığı, rayonda maarifləndirmə tədbirlərinin vaxtaşırı keçirilməsi ilə bağlıdır. Bölgələrə diqqət yetirəndə görürük ki, ən çox müraciət Şamaxı rayonundan daxil olub- 30 nəfər. Gəncə 11 nəfərlə  2-ci, Masallı 10 nəfərlə 3-cü yerdədir. Kəlbəcər, Yardımlı, Oğuz, Laçın kimi rayonlardan hesabat ili ərzində cəmi 1 müraciət daxil olub. 

 

 

 

Zorakılıq qurbanları əsasən gənclərdir

 

Ümumilikdə cari il ərzində təşkilatın sığınacağına müxtəlif yaş qrupları üzrə 250 müraciət daxil olub.  Statistik təhlil göstərir ki, müraciətlər əsasən 25-35 yaş arası şəxslərdəndir. Bu yaş qrupu üzrə müraciətlər ümumi müraciətlərin əsas hissəsini təşkil edir- 116 nəfər. İkinci yerdə 18-25 yaş qrupu üzrə olanlardır- 39 nəfər. Yaşa görə müraciətlərin ümumi bölgüsü belədir: 

14-18 yaş- 28 nəfər

18-25 yaş- 61 nəfər

35-45 yaş -129nəfər

45-65 yaş- 26 nəfər

65 yaşdan yuxarı -6 nəfər.

Narahatlıq yaradan məqamlardan biri hətta 60 yaşdan yuxarı şəxslərdən müraciətlərin daxil olmasıdır ki, bu da dəyərlərin müyyən qədər aradan qalxdığını göstərir. Sığınacaqda qalanlardan ümumilikdə 190 nəfəri tibbi yardımla əhatə edilib. Onlardan 164 nəfər müxtəlif növ tibbi yardım alıb. 11 nəfərinin doğumu təmin edilib, 9 nəfər əməliyyat olunub,  187 nəfərə psixoloji yardım, 150 nəfərə hüquqi yardım göstərilib.

 

Təhsilsizlik problem kimi

 

Müraciətlərin bu kateqoriya üzrə təhlili göstərir ki, məişət zorakılığı, hüquq pozuntuları ilə bağlı təkcə təhsil səviyyəsi aşağı olanlar yox, hətta ali təhsilli, cəmiyyətdə müəyyən yer tutan qadınlar da üzləşir. Belə ki, müraciət edənlərdən 18 nəfəri ali təhsilli, 16 nəfəri orta ixtisas təhsilli, 2 nəfəri natamam ali təhsilli olub. Müraciətlərin əksəriyyəti, yəni 90  nəfəri orta təhsilli şəxslərdən, 22 nəfəri natamam orta təhsilli şəxslərdən, 9 nəfər isə ibtidai təhsilli  şəxslərdən qəbul edilib. Bu kateqoriya üzrə narahatlıq yaradan digər məqam təhsil səviyyəsinin aşağı olması ilə bağlıdır. Belə ki, müraciət edənlərdən 93 nəfərinin təhsil almadığı məlum olub ki, bu da qızların təhsildən yayındırılması faktı kimi araşdırılmaya ehtiyacı olan mövzudur. 

 

Qeyri-rəsmi nikah rəsmi nikahı üstələyir?

 

Müraciət edən şəxslərin ailə vəziyyətinin araşdırılması da maraqlı nəticələr ortaya çıxarıb. 

Müraciətlərin 72 nəfəri rəsmi nikahda olan, 93 nəfəri isə qeyri-rəsmi nikahda olan şəxslərdən daxil olub. Müraciət edənlər arasında dini nikaha evləndiyini bildirənlər də olub ki, bu da azlıq təşkil edib. 15 nəfər boşanmış, 8 nəfər dul, 10 nəfər subay olub. Müraciət edənlər arasında 2,3 və daha artıq dəfə ailə quranların da olması diqqəti cəlb edir. Statistika göstərir ki, 2 və daha artıq dəfə ailə quranlar arasında rəsmi nikahı olanlar azlıq təşkil edir. 2 dəfə ailə quranlarda bu rəqəm 6, 3 dəfə ailə quranlarda isə cəmi 1 olub. Qeyri-rəsmi olaraq 2-ci dəfə ailə quranlarda isə say kifayət qədər coxdur- 34 nəfər. 3 və daha çox dəfə qeyri-rəsmi ailə quranlardan 2 müraciət daxil olub. Bu isə rəsmi nikahın təşviq edilməsi üçün tədbirləri zəruri edir.

 

 

 

Erkən nikah hələ də qalır

 

Tədqiqatin maraq cəlb edən bömələrindən biri də nikah yaşı ilə bağlıdır. Belə ki, təhlillər göstərir ki, erkən nikahla mübarizə nə qədər effektiv aparılsa da, hələ də problemi tam aradan qaldırmaq mümkün olmayıb. Müraciət edənlərin əksəriyyəti, yəni 81 nəfərində nikah yaşı 14-18 olub. Nikah yaşı 18-25 olanların sayı 70, 25-35 olanların sayı 26, 35-45 olanların sayı 0, 45-65 olanların sayı 1 olub. 

 

Həkim və müəllimlər də zorakılıq qurbanıdır 

 

Müraciət edən şəxslərin sosial statusuna diqqət yetirəndə görürük ki, onların arasında işləməyən, evdar qadınlarla yanşı müəllim, həkim, tərbiyəçi kimi cəmiyyətdə nüfuzu olan peşə sahibləri də var. Bu isə zorakılıq və hüquq pozmaların insanların sosial statusuna görə onlardan yan keçmədiyi qənaətini  yaradır. Təşkilata müraciət edərək sığınacaqla təmin edilən şəxslərdən 7 nəfəri müəllim, 1 nəfəri tərbiyəçi, 2 nəfəri həkim, 3 nəfəri dərzi, 10 nəfəri ofisiant, 8 nəfəri qadın bərbəri, 11 nəfəri satıcı, 2 nəfəri tibb bacısı, 18 nəfəri xadimə olub. 13 müraciət təqaüdçülərdən daxil olub. Müraciət edənlərin yarıdan çoxu, yəni 111 nəfəri işsiz olub. Bu da qadınların həm də işsizlik problemi ilə üzləşdiyini söyləməyə əsas verir ki, bunun da səbəbləri sırasında təhsildən yayındırma, erkən nikah kimi faktorlar əsas rol oynayır.  

 

6 uşaqlı qadınlar da küçəyə atılır

 

Statistik təhlil göstərir ki, zorakılığa məruz qalan, müxtəlif sahələrdə hüquqları pozulan qadınlar arasında hətta 6 və daha çox uşağı olanlar, hamilələr də var. Təşkilata cari il ərzində edilən müraciətlərdən 44-ü təkuşaqlı analardan, 48-i ikiuşaqlı analardan, 32-i üçuşaqlı analardan, 8 nəfəri dörduşaqlı analardan daxil olub. 3 nəfər 5 uşaqlı ana, 6 nəfər isə 6 və daha çox uşağı olan ana olub. 25 müraciət uşaqsız qadınlardan daxil olub. Hamilə qadınların da yardım üçün təşkilata müraciəti faktları artaraq 11 nəfər təşkil edib. 

 

Kişilər psixoloji təzyiqi artırır 

 

Daxil olan 201 müraciətin araşdırılması zamanı məlum olu ki, 111 nəfər fiziki zorakılıqdan, 21 nəfər psixoloji  zorakılıqdan əziyyət çəkib. Rəqəmlər göstərir ki, əgər əvvəllər qadınlar psixoloji təzyiqi təzyiq forması kimi qəbul etmirdilərsə, indi vəziyyət dəyişib. 

 

Təqiblə üzləşən qadınlardan müraciətlərin sayı 8 olub. Vəziyyətin təhlili göstərir ki, qadınlar məhkəmə ərəfəsində və məhkəmədən sonra keçmiş ərləri, ayrıldıqdan sonra qeyri-rəsmi nikahda olduqları şəxslər və digər ailə üzvləri (ata, qardaş) tərəfindən təqiblə üzləşir və bu, onların sığınacağa yerləşmək üçün müraciətinə səbəb olur. 

 

Bu bölmədə diqqətçəkən məqamlardan biri də şantaj xarakterli təzyiqlərin olmasıdır ki, bu şikayətlə 3 nəfər müraciət edib. Qadınların iqtisadi zorakılığa məruz qalması faktları da artıb- 34 nəfər. Bu say ölkəmizdə qadınların təkcə fiziki və psixoloji zorakılqıla yox, həm də iqtisadi zorakılıqla üzləşməsini göstərir. Bu, həm də Hətta məşğulluq problemi olmayan qadının da iqtisadi asılı vəziyyətə salınmasına cəhdlərin artmasından xəbər verir.  

 

 

 

Ərlərini axtaran qadınlar da var

 

Cinsi zorakılığa məruz qaldığına görə müraciət edənlərin sayı 2 olub. Qadınların üzləşdiyi problemlərdən biri də övladlarının onlardan zorla alınmasıdır ki, bu qəbildən 8 müraciət daxil olub. Nə qədər maraqlı olsa da, 3 qadın məhz həyat yoldaşını axtardığına görə təşkilata müraciət edib. Təşkilata müraciət edənlərdən 11 nəfər evindən çıxarıldığını bildirib.

 

Tibbi yardım istəyənlər daha çoxdur

 

Hesabat ili ərzində Günərzi Mərkəzə 253 (125 qadın və 128 uşaq) müraciət daxil olub. Müraciətlərin araşdırılması da maraqlı nəticələr ortaya çıxarıb.  Tibbi yardımla bağlı müraciətlər daha çox olub- 135 nəfər. 61 müraciət edənə hüquqi yardım göstərilib. 4 nəfər psixoloji zorakılığa, 3 nəfər fiziki zorakılığa, 7 nəfər iqtisadi zorakılığa məruz qaldığına görə Günərzi Mərkəzə müraciət edib. 1 nəfərə əməliyyat yardımı göstərilib. Hüquq yardım istəyənlər sırasında sosial yardım, təqaüdün alınması, qeydiyyata düşmə ilə bağlı müraciətlə də olub.  

 

 

195 uşaqla iş

 

İl ərzində ümumilikdə 195 uşaqla iş aparılıb ki, onlardan 103 nəfəri qız, 92 nəfəri oğlandır. 0-3 yaşlı uşaqlar 82, 3-6 yaşlı uşaqlar 49, 6-10 yaşlı uşaqlar 44, 10-15 yaşlı uşaqarın sayı 20 nəfər olub. Uşaqara tibbi, psixoloji yardımla yanaşı təhsilin bərpası, məktəbəqədər təhsillə təminat, tibbi xidmətin təşkili kimi yardımlar göstərilib. Uşaqlardan 37 nəfərinə psixoloji yardım göstərilib. 14 uşaq bağçaya, 3 uşaq məktəbə, 3 uşaq isə uşaq evinə yerləşdirilib. 12 uşağın təhsili bərpa edilib. 4 uşaq əməliyyat etdirilib. 

Dilənçiliyə vadar edilən 5 uşaq normal həyata qaytarılıb.  

 

İnsan alveri qurbanı arasında ali təhsillilər də var

 

Təşkilatın fəaliyyət istiqamətlərindən biri də insan alveri qurbanları ilə işdir. İl ərzində ümumilikdə 38 belə müraciət dəyərləndirilib ki, sevindirici hal 14-18 yaşlılarla bununla bağlı müraciətin daxil olmamasıdır. 18-25 yaşlı qurbanların sayı 3, 25-28 yaş kateqoriyası üzrə 24, 35-45 yaşlılar üzrə 10, 45-65 yaş kateqoriyası üzrə isə 1 olub. Araşdırma göstərir ki, insan alveri qurbanları arasında təhsilsiz və natamam orta təhsillilər daha çox üstünlük təşkil edir- müvafiq olaraq 6 və 14. Bu isə maarifləndirmə və təhsil səviyyəsinin insan alveri kimi qlobal problemlə mübarizədə fayda verdiyini təsdiqləyir. İnsan alveri qurbanları arasında 1 nəfər ali təhsilli, 1 nəfər ibtidai təhsilli, 15 nəfər orta təhsilli, 1 nəfər orta ixtisas təhsilli şəxs olub. 

 

 Xoşbəxt həyat dalınca?

 

Hesabat dövrü ərzində xarici miqrantlarla bağlı 11 müraciət daxil olub. Onların nikah vəziyyətinin araşdırılması göstərib ki, 3 nəfər rəsmi, 5 nəfər qeyri-rəsmi, 1 nəfər dini nikahdaolub. Bu qrup arasında da erkən nikah problemi özünü göstərib. Belə ki, 5 müraciətdə  nikaha daxil olma  yaşı 14-18 olub. 

Xarici miqrantlar arasında 4 nəfəri biruşaqlı ana, 5 nəfəri ikiuşaqlı ana olub. Miqrantlardan cəmi 2 nəfəri işləyib. Miqrantlardan daxil olan müraciətlər əsasən fiziki zorakılıqla bağlı olub – 5 nəfər. Psixoloji zorakılıqla bağlı 1, iqtisadi zorakılıqla bağlı 2, övladı əlindən alınma ilə bağlı 2, sənədlərin bərpası ilə bağlı 1 müraciət daxil olub. Müraciət edənlərə tibbi, hüquqi və psixoloji yardım göstərilib. Miqrantların mənşə ölkələrinə nəzər yetirsək, Ukrayna, Gürcüstan və Özbəkistan 3 nəfərlə ilk yerdədir. 1 nəfər Çeçenistan, 1 nəfər isə Qazaxıstan vətəndaşı olub. 

 

Minlərlə adam HİV müayinəsinə göndərilib

 

"Təmiz Dünya" təşkilatının fəaliyyət istiqamətlərindən biri olan "Zərərin azaldılması" proqramının da əhatə dairəsi il ərzində genişlənib. Bu proqram ümumilkdə 7909 nəfəri əhatə edib ki, onlardan 891 nəfərinə həm də psixoloji yardım göstərilib. Tibbi yardıma istiqamətləndirilənlər sayca daha çox olub ki, bunlardan 5617 nəfəri HİV-lə bağlı müayinəyə, 1168 nəfəri ginekoloji müayinəyə göndərilib.  806 nəfərə hüquqi yardım göstərilib. 

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018