Son vaxtlar baş ağrıları niyə artıb? – NEVROPATOLOQ AÇIQLAYIR

Son zamanlar insanlar arasında baş ağrısı şikayəti xeyli artıb. Hətta günlərlə davam edən başağrılarını heç bir ağrıkəsici dərman da dayandıra bilmir. Bəs görəsən bir çoxlarının səhhətində rast gəlinən problemi ortaya çıxaran səbəblər hansılardır? Niyə son günlər baş ağrıları bu qədər artıb?

 

Nevropatoloq Rima İbadova Ailem.az-a deyir ki, baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür: “Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifik yanaşma tələb olunur. Birincili baş ağrılarına tipik nümunə kimi miqreni misal göstərmək olar. Bununla yanaşı, gərginlik baş ağrısı, klaster baş ağrısı və digər trigeminal sefalgiyalar da var”.

 

R.İbadova məlumat verir ki, gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindən biridir. Bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda orta intensivli ağrı qeyd edilir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Yanaşı olaraq insanlarda “tələffüzün aydın olmaması”, “aydın düşünə bilməmə” kimi hallar qeyd edilir. Bəzi hallarda baş ağrıları ilə yanaşı ürəkbulanma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlər də qeyd edilir.

 

Nevropatoloqun bildirdiyinə görə, son dönəmlərdə uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır: “Bizim xroniki gərginliyimizə, psixoloji gərginləşməmizə bağlı olan baş ağrıları çoxalıb. Buna görə də həmin vasitələrdən istifadəni mümkün qədər məhdudlaşdırmaq lazımdır.

Çalışmaq lazımdır ki, daha çox normal yuxu rejiminə riayət edək. Fiziki aktivlik, təbii yollarla qidalanmaq da çox əhəmiyyətlidir. Baş ağrısı kimi problemlər daha çox şəhər mühitində yaşayan insanlarda özünü göstərir. Bu da bizim işimizin daha gərgin olmasından, səs-küylü mühitdə yaşamamızdan qaynaqlanır. Mümkün qədər şəhər ətrafına, dəniz kənarına getmək faydalı olur. Çalışmalıyıq ki, daha çox oksigen qəbul edək. Sadə, yüngül problemlər hamının həyatında olur. Amma həyatda ilk və dəhşətli başağrısı kimi dəyərləndirdikləri bir ağrı varsa, getdikcə şiddətlənirsə, yatmağa qoymursa, əldə-ayaqda keyimələr, hərəkət, nitq, görmə problemləri varsa, mütləq vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Bu, nevroloji, hətta digər orqanların problemi kimi özünü göstərə bilər”.

 

Həkim deyir ki, baş ağrılarının başlıca səbəblərindən biri də miqrendir. Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur: “Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Bu zaman heç bir dərman təsir etmir. Dərmanı miqren aurası dediyimiz zaman içmək lazımdır. Bu zaman dərmanı içəndə miqrenin qarşısını ala bilirik. Amma davamlı, ayda 4 dəfədən çox baş ağrıları olursa, uzunmüddətli dərman müalicələrinə gərək var. Dərman müalicəsi effekt vermirsə, ağrı gələn yerlərə botoks tətbiq edirik. Bu, müəyyən müddət, məsələn, 3-4 ay ağrıdan qoruyur. Bu müddətdən sonra həmin inyeksiyaların təkrarlanmasına gərək var”.

 

R.İmadova onu da qeyd etdi ki, baş ağrıyan zaman dərhal dərman içmək doğru deyil: “Ümumiyyətlə, ağrıkəsicilərin uzun müddət qəbul edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər. Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək çətin olur. Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var”. 

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018