O uşaqlar dərslərini öyrənməkdə çətinlik çəkirlər: necə kömək edək?LOQOPED YAZIR

Loqoped Bəsirə Pənciyevanın Ailem.az-a məqaləsini təqdim edirik. Məqalədə disleksiya haqda valideynlərin ən çox verdiyi suallar və onların cavabları yer alıb.

 

Əziz valideynlər, siz belə ifadələri tez-tez eşidirsiniz və deyirsiniz – “Mənim uşağım hərfləri tanımır. Öyrədirəm, yaddan çıxarır” və ya “hərfləri bilir, amma oxuya bilmir”, “oxuya bilir, amma oxumaq istəmir”. Bu, disleksiyadır.

Disleksiya nədir? İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır, oyun oynayır, məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən öyrənmə pozuntusudur.

 

Disleksiya ilə bağlı valideynləri ən çox narahat edən SUALLAR:

 

1. Mənim uşağım disleksiyadır, növbədə məni nə gözləyir?

2. Mən uşağıma necə dəstək göstərə bilərəm?

3. Uşağımı başqa mütəxəssisə aparmalıyammı?

4. Uşağım oxumağı, yazmağı, riyazi hesablamaları bacarmağı necə tez öyrənə bilər?

5. Evdə öyrətmək üçün tapşırıq olaraq nəyi necə işləyim?

6. Uşağımın diqqətini necə toplaya bilərəm?

7. Mən uşağımın inkişafı ilə bağlı məktəbdə (bağçada) müəllimələrdən nə soruşmalıyam?

8. Mən uşağıma necə izah edim kişi/qadını?

9. Mənim uşağım oxuya biləcəkmi, məktəbə gedə biləcəkmi?

10. Universitetdə oxuya biləcəkmi?

 

CAVABLAR:

 

1. Bunun üçün disleksiya ilə bağlı araşdırmalar aparın, məlumatlanın.

2. Uşağınızın şikayətlərinə, qorxularına, narahatlıqlarına hər zaman qulaq asın. Onunla danışın. Empati qurun. Onun kimi düşünməyə çalışın. Hər zaman pozitiv olun. Oyunla kömək etməyə çalışın. Çünki OYUNLA TƏLİM bizim beynimizdə öyrənmənin ən sevimli yoludur.

3. Bu cür uşaqlara kompleks yanaşma önəmlidir. Məhz elə buna görə də loqoped, psixoloq, pedaqoqa, idman məşğələlərinə yazılmaq məsləhətdir.

4. Bu, uşağın inkişaf göstəricisinə görə nəzərə alınacaq amillərdəndir. Nə qədər tez aşkar edilib, üzərinə düşülsə, erkən müdaxilə ilə daha çox müsbət nəticə əldə etmək olar.

5. Valideynlər öz uşaqları üçün ən yaxşı müəllim və müəllimədirlər. Çünki onlar öz uşaqlarını başqalarına nisbətən daha yaxşı bilir və daha çox sevirlər. ƏN YAXŞI MÜƏLLİM valideynlərin özləridir. Ona görə də ən əsası evdə uşağınız üçün vaxt cədvəli qurun. Səhər oyanması, diş yuması, dərs etməsi və s. öncədən planlaşdırın.

6. Bunun üçün dərs keçəcəyiniz yeri elə seçməlisiniz ki, diqqəti dağıdacaq əşya çox olmasın. Və yaxşı olardı ki, tapşırığı 20 dəqiqəlik fasilə ilə işləyəsiniz. Arada fasilə verərək, sevdiyi bir əşya ilə oyun qurmaq uşağı dərsi öyrənməyə motivasiya edəcək.

7. Uşağın müəlliməsi ilə görüşəndə problemi ilə bağlı onu məlumatlandırın. Çünki müəllimin məlumatlı olması uşağın tərəqqisi üçün önəmli meyardır.

8. Uşağın başa düşməsi və anlaması artdıqca bunu izah etmək asanlaşacaq.

9. Bəli, məktəbə gedə bilir. (məktəbə gedən, məktəbdə oxuyan disleksiyalı pasientlərim çoxdur) Sadəcə dərs müddətində sinif yoldaşlarından geri qalmamaları üçün onlara əlavə müəllim dəstəyi vacibdir.

10. Əgər mütəmadi dəstək olunsa, istər ailə, istərsə də oxumağı ilə bağlı üstün nəticələr əldə edə bilər. Çünki istər Azərbaycanda, istər xarici ölkələrdə dislektik uşaqlarla bağlı araşdırmalar apardığım zaman onların uğurlarıyla bağlı müsbət məlumatlara çox rast gəlmişəm. Məhz bunları eşidib görmək biz mütəxəssislərə onu deməyə əsas verir ki, dislektik uşaqlar uğura çata bilərlər.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017