25 il sonra açılan sirr: o qadın ilk idi... – İLGİNC HEKAYƏT

GENOKS-un (genetik xəstəliklərin diaqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi, endoskopik cərrah Ersadık Turanın Ailem.az-a məqaləsini təqdim edirik.

 

Ata-ana olmaq istəyən milyonlarla insanın içərisində bu arzuya çatmayanlar heç də az deyil. Uzun müddətli müayinələr, əməliyyatlar bəzən kömək etmir. Bəzən onların sonsuzluğunun səbəbini tapmaq çətin olur, bəzən isə bu illər tələb edir. Bu gün elmin, texnologiyanın inkişafı problemin həllinə kifayət qədər nail olub, özü də süni mayalanma vasitəsilə. Nə qədər yazılsa da, əsaslandırılsa da, yenə də Azərbaycanda valideyn olmaq istəyənlərin içində süni mayalanma ilə bağlı bir inamsızlıq var. Amma faktlar bunun əksini deyir. Odur ki, dünyada süni mayalanma ilə doğulan ilk uşaqla bağlı baş verənlərə nəzər salaq.

 

1966-cı ildən İngiltərənin Oldham Ümumi Xəstəxanasının ginekoloqu Patrik Steptoe və Kembric Universitetinin fizioloqu Robert Edvard sonsuzluğun həlli üçün alternativlər axtarırlar və yumurtanı qadın bədənindən kənarda mayalandırmağın yolunu tapırlar. İlk dəfə olaraq yumurtanı qadının bədəninə yerləşdirirlər, amma problemlə qarşılaşırlar.  İngiltərənin Bristol şəhərindən olan Lesley və Con Braun adlı gənc cütlük 9 il boyunca uşaq sahibi ola bilməyib. Çünki Lesleyin boru keçməzliyi var idi. Həkimdən-həkimə getmək onlara yardım etmirdi. Nəhayət, onlar 1976-cı ildə həkim Patrik Steptoenin yanına gedirlər. Eyni vaxtda, yəni 1977-ci ildə həkimlərin süni mayalanma etdikləri  təxminən 80 hamiləlik sadəcə bir neçə həftə davam edir. Amma artıq 1 il ərzində daimi pasientlərindən olan Lesley Braunun hamiləliyi ilk bir neçə həftə uğurla keçir ki, bu da digərlərindən irəliyə doğru fərqlənmə idi. Hər iki həkim 1977-ci il noyabrın 10-da şüşədə mayalanma edirlər. Yumurta mayalandırıldıqdan sonra onu Lesleyin bədəninə yerləşdirirlər. Lesleyin hamiləlik prosesinin yaxından müşahidəsi göstərir ki, yumurta onun uşaqlıq divarına yapışıb. Daha sonra isə Lesley heç bir problem olmadan çox rahat şəkildə hamiləlik prosesini keçirir. Hamiləliyin başa çatmağına 9 gün qalmış Lesleydə yüksək qan təzyiqi müşahidə edilir. Doktor Steptoe uşağı qeysəriyyə yolu ilə götürməyə qərar verir. 25 iyul 1978-ci ildə yerli vaxtla saat 11:47-də bir qız dünyaya gəlir. Luiza Coy Braun adı verilən qızın mavi gözləri, sarı saçları var idi və o, sağlam görünürdü. Proses uğurlu alınır. Dünya bu möhtəşəm yenilikdən danışmağa başlayır. Və bu, milyonlarla valideyn ola bilməyən cütlüyə stimul verir.
 

İllər keçir, Luiza böyüyür. İlk dəfə 25 yaşında doktor Edvardla birlikdə mətbuat qarşısına çıxır, digər uşaqlarla özü arasında heç bir fərq görmədiyini açıqlayır.  
Bütün bunlar onu deməyə əsas verir ki, süni mayalanma çox adi bir prosesdir və müəyyən problemləri olan milyonlarla qadın bu yolla ana olur. Elə süni mayalanma ilə dünyaya gələn ilk qadın Luiza Coy Braun kimi. İlk süni mayalanma uşağı olan Luizanın 2007-ci ilin yanvar ayında Kameron adlı oğlu olur. O, süni mayalanma olmadan, təbii yolla hamilə qalır. Onun oğlu Miladdan öncə Bristoldakı xəstəxanaların birində dünyaya gəlir. Bir neçə il sonra Luiza yenidən, ikinci oğul anası olur. Luizanın özündən balaca bacısı Natalia isə süni mayalanma ilə dünyaya gələn 40-cı uşaq sayılır.

 

Doktor Steptoe 1988-ci ildə vəfat edib. Həmkarı Edvard isə bu ailə ilə yaxınlığını davam etdirir. Hələ 2004-cü ildə Luiza Vesley Mullinderlə ailə həyatı quranda həkim ailənin fəxri qonağı idi. 39 yaşı olan Luiza Braun 2015-ci ildə “Dünyanın ilk süni mayalanma uşağı kimi mənim həyatım” avtobioqrafiya kitabını çap etdirib.
 

Yeri gəlmişkən, Böyük Britaniyada ildə bir milyondan çox insan süni mayalanma yolu ilə hamilə qalmağa çalışır. Bir il ərzində 9 min uşaq süni mayalanma ilə doğulur. Dünyada 2015-ci ilə qədər 6 milyon uşağın süni mayalanma ilə doğulduğu bildirilib.

 

Türkiyənin Denizli şəhərində yaşayan və 18 il uşaq sahibi ola bilməyən Birsel və Türkay Katrançı cütlüyünün 22 dekabr 1988-ci ildə Dilek Katrancı adlı qızı dünyaya gəlib. Bu, Türkiyədə süni mayalanma ilə doğulan ilk uşaq sayılır. 2013-cü ildə isə Dilek Xəlil Akar adlı gənclə ailə həyatı qurur. İki il sonra onların normal yolla Dəfnə adlı qızları dünyaya gəlir.

 

Azərbaycanda da süni mayalanma yolu ilə dünyaya gələn uşağın artıq 12 yaşı var.  Valideynləri onun adının ictimaiyyətə açıqlanmasını istəmirlər. Uşaq çox zəkalı və  ağıllıdır, dərslərindən əla qiymətlər alır.
 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017