Prezident oğlunu futbolçuya dəyişən məşhur ulduz - FOTOLAR

Dünyanın məşhur simaları - musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar təkcə yaradıcılıqları ilə deyil, şəxsi həyatları, sevgi hekayələri ilə də hər zaman diqqət mərkəzində olurlar. Onların sevgi hekayələri böyük maraqla oxunur, izlənir. Bunu nəzərə alaraq, Ailem.az oxucularına məşhurların qısa sevgi hekayələrini təqdim edir. Bu dəfəki sevgi hekayəsi dünya şöhrətli müğənni Şakira və onun özündən yaşca kiçik həyat yoldaşı məşhur futbolçu Jerar Pike haqqındadır.   

 

Layihə: “Məşhurların sevgi hekayələri”

 

Onların ilk tanışlığı 2010-cu ildə keçirilən dünya çempionatında olmuşdu. Müğənni dünya çempionatının himni olacaq “Waka Waka” klipini çəkirdi. Klipdə ispan yığmasının müdafiəçisi Pike də iştirak edirdi. Şakira iki metrlik yaraşıqlı oğlana görən kimi vurulmuşdu... Hər şey də elə o gündən başlayır. Əvvəl dost kimi mesajlaşırlar, sonra görüşürlər. Çox keçmir ki, gizli eşq macərası yaşayırlar. Ancaq bu münasibəti axıra qədər gizlətmək mümkün olmur və cütlük haqda şayiələr yayılır. İlk müzakirə predmeti ulduzlar arasındakı yaş fərqi olur. Məsələ onda idi ki, Pike Şakiradan 10 yaş kiçik idi. Ancaq yaş fərqindən daha çox müzakirə olunan bir nüans var idi - Şakiranın sevgilisi. Belə ki, Kolumbiya gözəli Argentinanın sabiq prezidentinin oğlu Antonio de la Rua ilə görüşürdü. Müğənninin pərəstişkarları inana bilmirdi ki, Şakira Antoniodan ayrılıb. Düzdür, açıq-saçıq kliplərinə görə Antonio ilə Şakira arasında müəyyən qısqanclıq problemləri olmuşdusa da, bu inciklik çox çəkməmişdi. Amma qəflətən onların ayrıldığı elan olundu və çox keçmədən Şakira ad gününü qeyd etdi. Maraqlısı odur ki, hər iki ulduz eyni gündə - fevralın 2-də anadan olub.   

 

... Ancaq yenə də sevgililər münasibətlərini açıq etiraf etməyə tələsmirdi. Paparazzilər isə gecə-gündüz Şakira və Pike “ovuna” çıxırdı. Hətta KİV-lərdən biri cütlüyün birlikdə şəkli üçün 150 min avro mükafat da təsis etmişdi. Lakin heç bir jurnalist bu fotonu çəkməyə müvəffəq olmur. 2011-ci ildə Pike öz doğum günündən Şakiranın da yer aldığı fotonu paylaşır. Bir neçə həftə sonra o, rəsmi Feysbuk səhifəsində Şakira ilə fotosunu paylaşıb bu sözləri yazır: “Les presento a mi Sol” – “Mən sizi öz günəşimlə tanış etmək istəyirəm”. Bu fotodan sonra aləm dəyir bir-birinə. Hətta iş o yerə çatır ki, “Barselona”nın baş məşqçisi Xosep Qvardiola məsələyə qarışır. Oyunçuların şəxsi həyatı ilə də ciddi maraqlanan məşqçi Pikedən Şakira barədə soruşur. Baş müdafiəçi həqiqəti məşqçiyə etiraf edir.

 

Bundan sonra Şakira və Pikenin üzərindən sanki ağır bir yük götürülür. “İspaniyanın ən ehtiraslı cütlüyü” adlandırılan ulduzlar fotokameralar qarşısında çəkinmədən ya öpüşür, ya da qucaqlaşırlar.

  

Çox keçmir ki, bu sevginin də üzərinə qara buludlar çökür. Pikenin Şakiradan daha cavan başqa bir sevgilisi olduğu xəbəri yayılır. Bundan sonra cütlük bir yerdə az  görünür. Ancaq Şakira bu şayiələrə şərh vermək istəmir. Və çox keçmir ki, onun saçları kəsilmiş imicdə fotoları yayılır. Çoxları müğənninin yeni imicini belə qiymətləndirir - uğursuz sevgisini unutmaq və yeni həyata başlamaq üçün belə edib.

 

Bu söhbətlər pik həddə çatanda Pikenin gənc sevgilisi onu seçim qarşısında qoyur: “Ya Şakira, ya da mən!” Futbolçu seçimini edir və Şakiranın yanına qayıdır. 

 

Bundan sonra hamının gözlədiyi iki şey ola bilərdi – ya nikah və toy, ya da hamiləlik.

Şakiranın rəsmi nikaha münasibətini hamı bilirdi. Hələ Antonio ilə birlikdə olduqları 11 il müddətində “niyə nikaha girmirsiniz?” sualına belə cavab vermişdi: “Nikah cansıxıcıdır”.

 

Çox keçmədi ki, Şakiranın hamilə olması xəbəri yayıldı. Onun hamilə olduğu vaxtlarda Bakıda konsert verdiyini Bakı tamaşaçıları da yaxşı xatırlayır. Şakira hamiləliyinin son ayında Jerar Pike ilə birlikdə jurnalların üz qabığını bəzədi. Ərinin ağuşuna sığınmış hamilə qadın obrazı Şakira üçün tam yeni idi.

 

Nəhayət, 2013-cü il yanvarın 22-də Barselonanın özəl klinikalarının birində Şakira və Pikenin oğlu dünyaya gəldi. Adını Milan qoydular. Milan qədim slavyan anlamında “əziz”, qədim romalıların anlamında “zəhmətkeş”, qədim sanskrit anlamında “birlik” mənasını verir.

 

2015-ci il yanvarın 29-da cütlüyün ikinci oğlu Saşa dünyaya gəldi. Şakira müsahibələrində dəfələrlə bildirib ki, böyük ailəsinin olması arzusundadır.

 

Təxminən bir ay öncə isə Jerar Pike verilişlərin birində maraqlı açıqlama verib. O, vətəndaş nikahında yaşadığı, iki oğlunun anası olan Şakira ilə yaxın günlərdə rəsmi nikaha girəcəyini bildirib. İndi dünya mətbuatı iki hadisəən birinin baş verəcəyini gözləyir – ya rəsmi nikah və toy, ya da üçüncü hamiləlik...

 

 

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017