Xoruz ilinə aid suvenirləri evdə saxlamaq haramdır? - APA TV

Peyğəmbərimiz Ramazan və Qurban bayramlarından başqa bayram da qeyd edərdimi? Yeni illə bağlı hansı dualar islama ziddir? Novruz və digər qeyri-islami bayramlarda da bayram namazı qılına bilərmi?

 

“İslama görə bayramların xüsusi əhəmiyyəti var. Sevinc kədərin,  bayram isə yasın ziddidir. Odur ki, bayramlar sevinmək, paylaşmaq, tanış olmaq, küsülü varsa barışmaq, birlikdə olmaq , sevinci bölüşmək üçündür. Bayram bu kimi gözəllikləri özündə ehtiva edən bir amildir. Hətta demək olar ki, ehtiyacdır. Çünki insanın il boyu sevinməyə, bayramlaşmağa da ehtiyacı var”.

 

Aile.lent.az-ın məlumatına görə, bunu ilahiyyatçı Aslan Həbibov  APA TV-nin “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, dinimiz müsəlmana Ramazan və Qurban bayramlarını keçirməyi tövsiyyə edir: “Hər iki bayramın da öz mahiyyəti, sosial tərəfləri var. Bununla belə müsəlman tövhidə zidd olmayan milli və digər bayramları da keçirə bilər. Önəmli olan islamın şərtlərinə əməl etməkdir. Əli əleyhissəlam buyurur ki, günah etmədiyiniz gün sizin üçün bayramdır. Bu deyim axirətlə bağlıdır. Bayramda seviniriksə, insan günah etməyəndə də sevinir. Çünki günah insan üçün kədərdir”.

 

İlahiyyatçı qeyd edib ki, bayramın tərkib hissələrindən biri də bayram süfrəsidir: “Bayramda həm də süfrə açırıq. Ziyafət vermək də paylaşmaqdır. Süfrə tarixən bayramların bir parçası olub. Demək olar ki, süfrə bayramın tamamlayıcı bir ünsürüdür. Amma unutmamalıyıq ki, bayram sadəcə yemək-içməkdən ibarət deyil. Belə olduğu təqdirdə bayram öz mahiyyətini itirir və sadəcə bir qonaqlığa çevrilir. Bayramı qeyd edərkən onun mahiyyətini, sosial tərəflərini də diqqətdə saxlamaq lazımdır. Onu da qeyd edək ki, bayramların həm uşaqlara, həm də böyüklərə verə biləcəyi tövfələr var. Məsələn, uşaqlar üçün daha çox əyləncədirsə, böyüklər üçün paylaşmaq, barışmaqdır. Bayram küsülü insanların barışması üçün gözəl fürsətdir. Hər bayram bu fürsəti əldən verməyək”.

 

A.Həbibovun sözlərinə görə, müasir vasitələr, o cümlədən də internet bayramlara da təsir edir: “Həyatımızın digər sahələri olduğu kimi bayramlar da dövr keçdikcə dəyişikliyə məruz qalır. Yada salaq ki, telefon icad olmamışdan öncə insanların bir-birinə münasibəti necə isti idi. Biri ilə əlaqə saxlamaq üçün evinədək gedərdik. Bu gün isə bir zəng, sosial şəbəkədə yazdığımız ümumi bir təbriklə kifayətlənirik.  Halbuki canlı ünsiyyəti heç nə tamlığı ilə əvəz edə bilməz”. 

 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017