Faiq Ağayev: "4 il sevgilin üçün darıxmaq bilirsiz nədir?" - FOTO

Dekabrın 29-da Heydər Əliyev Sarayında xalq artisti Faiq Ağayevin "F. A made in Azerbaijan" adlı solo konsert proqramı keçirilib. Aile.lent.az-ın məlumatına görə, iki gün nəzərdə tutula konsertin ilk günü anşlaqla keçib, konsert salonunda demək olar ki, boş oturacaq gözə dəyməyib.

 

Estrada ulduzu konsertə "Gəl səni xoşbəxt edim" mahnısı ilə başlayıb. Onu 13 musiqiçidən ibarət ansambl və rəqqaslar müşayət edib.

 

Qeyd edək ki, Faiq Ağayev dünən həm də ad günün qeyd edib. Tamaşaçıları salamlayan müğənni bu əlamətdar günü səhnədə qeyd etməyinin təsadüf olmadığını bildirib: “Yaşımı heç zaman gizlətməmişəm. 45 yaşım tamam oldu. Şadam ki, bu gündə sizinlə görüşürəm. Bir insanın ad gününü sevdikləri ilə birlikdə keçirməsindən gözəl nə ola bilər?! Çox darıxmışdım. 4 il sevgilin üçün darıxmaq heç bilirsiz nədir?! 4 ildir görüşmürdük sizinlə".

 

Konsertdə iştirak edən jurnalistləri salamlayan xalq artisti sonra "Səni əvəz eləmir" hitini yeni versiyada səsləndirib. Tamaşaçılar tərəfindən çiçək dəstələri və digər hədiyyələrə tutulan Faiq Ağayev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Zala tamaşaçıların arasına enən estrada ulduzu onlarla yaxından görüşüb və zarafatlaşıb. Ardınca o, bir müddət əvvəl təqdim etdiyi yeni  "Uşaq kimi", " Sərxoş oldum" mahnılarını oxuyub.

 

Qeyd edək ki, “Cənab Qızıl Şlyager” xüsusi olaraq konserti ucun hazırlanan geyimlərdə çıxış edib. Klassik üslubda olan kostyumlar dizaynı, rəngarəngliyi ilə seçilib. Müğənninin imicində edilən dəyişiklik də gözdən yayınmayıb. Belə ki, xalq artisti yenidən saçlarını sarıya boyayıb.

 

Faiq Ağayevin konserti duetsiz də ötüşməyib. Sənətkar gənc müğənni Əhməd Mustafayevi səhnəyə dəvət edərək, onunla birlikdə “Biri varmış, biri yoxmuş” mahnısını ifa edib. Konsertdə xalq artistinə həsr edilən qısametrajlı sənədli filmin bir hissəsi də nümayiş olunub. ATV telekanalı tərəfindən çəkilən ekran işində sənətkarın həyat və yaradıcılığında baş verən maraqlı  məqamlara toxunulub.

 

Konsert xalq artistinin köhnə mahnılarının yeni versiyada remiksləri ilə davam edib.

 

Konsertin 2-ci hissəsi Faiq Ağayevin ifasında "Laçın", "Buludlar" kimi klassik Azərbaycan mahnıları və repertuarında ən çox sevilən kompozisiyalarla davam edib. Tamaşaçılar onu sürəkli alqışlarla səhnədən yola salıblar. 

 

Konsert bu gün də baş tutacaq.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017