Yeni il bazarlığı neçəyə başa gəlir? - YARMARKADAN REPORTAJ

Yeni il gəlir. Ümidlərlə, arzularla dolu təzə il... Nədənsə həmişə bütün problemlərimizin, qayğılarımızın köhnə ildə qalacağını və yeni ilin bizə mütləq xoş sürprizlər bəxş edəcəyini gözləyirik. Odur ki, büdcəsindən asılı olmayaraq, hər kəs bayramı layiqincə qeyd etməyə çalışır. Bir də deyirlər ki, yeni ili hansı ovqatla qarşılasan, bütün ili də elə həmin əhval-ruhiyyədə olacaqsan.

 

Artıq bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub. Biz də yolumuzu Xətai rayonu ərazisində, "Bakı" kinoteatrının yanında təşkil olunan yarmarkadan salıb qiymətlərlə maraqlandıq.

 

İnsanlar Yeni il süfrəsini dolu görmək üçün ciblərini nə qədər silkələməli olacaqlar? Ümumiyyətlə, ərzaq və gündəlik tələbat mallarının, eləcə də ədviyyatların qiymətlərində nə qədər bahalaşma var?

 

Həftəiçi olduğundan, baş çəkdiyimiz yarmarkada alıcı bolluğu hiss olunmurdu. Səliqə-sahman göz oxşayırdı.

 

Əvvəlcə onu deyək ki, yerli istehsalı çıxmaq şərti ilə bütün xaricdən gətirilən məhsullarda bahalaşmalar var. Yeni il süfrəsini tort və müxtəlif şirniyyatlar, salatlar, eləcə də portağal, narıngi, banan kimi meyvələrsiz təsəvvür etmək mümkün deyil. Elə buna görə əvvəlcə meyvələrin qiyməti ilə maraqlandıq.

 

Beləliklə, yarmarkada Quba almasının 3 kiloqramı 1 manat, qolden sortlu alma 80 qəpik-1 manat, Astara portağalı 1 manat, naringinin kiloqramı 1.50 qəpiyə satılır. Bundan başqa, kivinin kiloqramı 2.50, ananasın 1 ədədi 7 manat, bananın 1 kq-ı 1 manat 50 qəpik, heyvanın qiyməti 1.50-2 manat arasında dəyişir.

 

Satıcı: "Üzümün kiloqramı 2-5 manat arası dəyişir. Nar 1 manatdan başlayıb, 2.50-yə də satılır. Qiymətlər yaxşıdır, ucuzluqdur. Öz mallarımızdır, rayondan gətirmişik. Alıcı fəallığı yoxdur. Rayonda pul verib məhsullarımı Bakıya gətirmişəm. Düşünürəm görən bunları satıb evimə bu il bazarlıq edib apara biləcəyəmmi? Çox zəifdir alış-veriş".

 

Soğanın 4 kiloqramı 1 manat, kartofun kiloqramı yarmarkada 60-80 qəpik arasında dəyişir.

 

Fındıq və qoz ləpəsinin qiyməti 13-18 manat arasında dəyişir. Satıcının sözlərinə görə, qiymətlər ən çox ərik qurusu və qaysılara təsir göstərib. 8 manata olan ərik qurusu indi 10 manat 50 qəpiyə satılır. Qaysı isə əvvəl 11 manata idi, indi 13.70-ə satılır. Nanə qurusu 7 manata, sarıkök isə 7 manat 90 qəpiyə təklif edilir.

 

Satıcı: "Qaysı 8 manat, alça 6 manat, albuxara 6 manat, ərik qurusu 8-10 manat arasında dəyişir. İydə 4-5 manata satılır. Qoz ləpəsi 13 manatdan başlayır. Fındıq ləpəsi 12-17 manat, badam ləpəsi 18-20 manata təklif olunur. Sarı kişmiş 6 manata, qara kişmiş isə 10-12 manata satılır".

 

Bazarda broyler toyuqlarının satışına rast gəlinmir. "Kənd toyuğu” kimi alıcılara təqdim olunan toyuqların qiyməti isə 4-6 manatdır. Hər satıcının piştaxtasında bir qutu kənd yumurtası var, qiyməti isə 20-25 qəpikdir. Yumurta qıtlığı açıq şəkildə hiss olunur. Hind quşunun kiloqramı 9 manata satılır.

 

Ət məhsullarına gəlincə, "bölgədən gətirdiyimiz məhsuldur. Qoyun əti və mal ətinin 1 kiloqramını 7 manatdan satırıq".

 

Alıcıların da fikrini öyrəndik. Satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətlərindən razı olan da vardı, narazı qalan da.

 

- İlk dəfədir Bakıda yarmarkaya qatılıram. Rayondan gəlmişəm. Qiymətlər yaxşıdır. Kasıb malıdır yarmarkalar.

 

- Həftə ərzində yarmarkaya ikinci gəlişimdir. Qiymətlərdən uyğunu da var, qane etməyəni də. Ötən illərlə müqayisədə bahalıqdır. Düşünürəm ki, yeni il süfrəsinə ətsiz və toyuqsuz 100 manat bəs edər. Balığı heç düşünmürəm də.

 

- Bahalıqdır, özü də çox bahalıqdır. Bazarla müqayisə edə bilmərəm, amma evimizin yanında iki market var, hətta orda yarmarkadan da ucuzdur qiymətlər. Kartofu ordan alıram 70-80 qəpiyə, burda 1 manatdır. Müqayisə üçün deyim ki, keçən il bu yarmarkada dəfələrlə ucuzluq idi.

 

- Aldığım pensiyaya görə cibimə uyğun deyil. Birini alırsan, digəri qalır. Bayrama külfəti böyük olanların gücü çatmaz. Mənim də həmçinin ətsiz filansız 30-40 manat bəs edər.

 

- Ət yaxşı qiymətə satılır. Yaxşıdır qiymətlər. Gəlmişik yeni il bazarlığı eləməyə. İndi maraqlanacağam qiymətlərlə.

 

- Qiymətlər yaxşıdır. İnşallah, düşünürəm ki, bayram axşamına aş və dolma hazırlayım. Gücümüz çatsa da alacağıq, çatmasa da. Məcburuq.

 

Qiymətləri bazarla müqayisə etmək üçün üz tutduq "Yaşıl bazar"a. Bazarda demək olar ki, tək-tük alıcı ilə rastlaşmaq olardı. Qiymətlərlə maraqlandıq. Yarmarkada balıq məhsulları olmadığından, bazarda öncə balıq məhsullarının qiyməti ilə maraqlandıq.

 

- Osetrin balığının kiloqramı 50 manat, belyuqa kiloqramı 45 manat, Norveç balığının kiloqramı 22 manata, xanı balığı kiloqramı 5 manata, kütüm balığı 10 manata, Gürcüstan fareli 12 manata, diri balıqların kiloqramı 6 manatdan başlayır. Ət məhsullarının qiyməti qaldığından, balığa tələbat çoxdur. Bayram ab-havası yoxdur, alıcı gurluğu da demək olar ki, az-az hallarda olur. Baxmayaraq ki, balığın mövsümüdür.

 

"Yaşıl bazar"da ətin qiyməti isə fərlidir. Sümüksüz ət 11.50 qəpik, sümüklü ət 9.50 manata satılır.

 

Xiyar-pomidorun qiymətlərinə gəlincə, pomidorun kiloqramı 3 manata, xiyarın 1 kq-nın qiyməti 3-6 manata satılır. Göyərtinin qiyməti 20-40 qəpik arasında dəyişir. Çuğundur 80 qəpik-1 manat arası dəyişir. Kələm 70 qəpik, yerkökü 1 manata satılır.

 

Banan 2 manata - 2 manat 50 qəpiyə satılır. Satıcılar deyir ki, bananın qiyməti ötən həftələrə nisbətdə ucuzlaşıb.

 

Və nəhayət, süfrələrin şahı hesab edilən plov düyüsünün qiymətləri ilə maraqlandıq. İran düyüsü 14 manat, Hindistandan gətirilən uzun düyü isə 16 manat 50 qəpikdir.

 

Astara düyüsünün kiloqramı 4 manat, "Sədri" düyüsü 7 manata, "Həşimi" 6 manata satılır. Qabıqlı Naxçıvan qozu 10 manata, fındığın kiloqramı 7 manat, fındıq 7 manat, şabalıd 7 manata təklif edilir.

 

Digər meyvə-tərəvəz məhsulıarının qiymətində isə yarmarka ilə kəskin fərq yoxdur.

 

Bax belə, biz gördüklərimizi olduğu kimi sizlərin diqqətinə çatdırdıq. Süfrələriniz ruzulu, canınız sağlam olsun!

 

LENT

27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017