Əməkdar artist: “Gecə mənim çarpayımda yatır” - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan heyvansevərliyi ilə hamıya yaxşı tanışdır. O, 10 ildir evində Ceyla adlı pişik saxlayır. Bu dəfə Elza Seyidcahan Aile.lent.az-a pişiyi haqda danışıb.

 

Pişiyi ilə tanışlığını xatırlayan Elza xanım onun siam cinsinə aid olduğunu dedi: “Rəfiqələrimdən biri siam pişiklər saxlayırdı. Onlara gedəndə çay içmirdim, çörək yemirdim. Baxıb deyirdim ki, pişiklərlə bir evdə necə qalmaq olar?! Amma onlara gedib-gəldikcə pişiklərə uyğunlaşdım, onların etibarını gördüm. Rəfiqəmə balaları olarsa, erkəyini mənə verməsini xahiş etdim. Çünki uşaqlarım, xüsusən də oğlum Ələkbər heyvansevərdir. Bir gün rəfiqəm zəng edib dedi ki, pişik 5 dişi bala doğub. Mən də daha erkək-dişi olmasına baxmayaraq, oğlumu yolladım, birini seçib gətirdi”.

 

Heyvanların çox həssas olduğunu deyən E. Seyidcahan əvvəllər pişikləri sevmədiyini də etiraf etdi: “Heyvanları sevirdim, amma pişiklərdən iyrənirdim, ətim ürpəşirdi. Uzaqdan pişik görəndə qorxub qaçırdım. Amma indi pişik mənim ailə üzvümdür. Ceyla gecə gəlib mənim çarpayımda yatır. Hətta artıq nəvəm Səmərruxu mənə qısqanır, istəyir ki, biz onunla maraqlanaq”.

 

Əməkdar artist körpə uşaq olan evdə heyvan saxlanmasının təhlükəli olmadığını qeyd edib: “Nəvəm dünyaya gələndən sonra bizə dedilər ki, pişiyi evdən uzaqlaşdıraq. Qızım etiraz etdi, dedi, heç vaxt pişiyi ata bilmərik. Çünki canlıdır və illərdir bizimlə yaşayır. Amma uşaqdan da qoruyuruq, ikisini bir yerdə qoymuruq. Çünki siamlar qısqanc olurlar, gedib uşağı cırmaqlaya bilər. Qızım pişiyə çox yaxşı qulluq edir, dırnaqlarını tutur, vaxtlı-vaxtında öz xüsusi şampunları ilə çimizdiririk. Gecə saat 2 də olsa, gedib Ceylanın yeməyini alırıq”.

 

Lakin müğənni artıq başqa ev heyvanı saxlamaq fikri olmadığını da vurğuladı. Müğənni pişiyinin kaprizli olduğunu da dedi: “İnsanlar elə bilir ki, mənim evim heyvanxanadır. Lakin sadəcə bir pişiyim var. Heyvanlara qarşı çox həssasam. Onlara alışırsan, sonra ayrıla bilmirsən. Siam pişiklərinin özlərinə məxsus xasiyyətləri var. Ona görə də biz onu ərə də verə bilmədik. Erkək pişik gətiririk, qısqanır. Ona heç kəsi bəyəndirə bilmirik”.

 

Heyvanlara verdiyi konsert proqramı birmənalı qarşılanmayan müğənni daha bir belə layihə həyata keçirəcəyini açıqladı. Əməkdar artist Azərbaycanda heyvanlara qayğının daha yüksək səviyyədə olmasını arzulayır: “Novruz bayramında heyvanlarla bağlı daha bir layihəm olacaq. Oradan yığılan pul sahibsiz heyvanların qorunmasına və şəhid uşaqlarına xərclənəcək. İstərdim ki, Azərbaycanda harasa gedəndə heyvanımızı əmanət edə biləcəyimiz yer olsun. Ölkəmizdə heyvanlara qayğı var. Lakin xarici ölkələrdə heyvanların hətta oteli, təyyarəsi, xəstəxanaları, qəbirstanlığı var”.

 

Xanım müğənni insanları heyvanları sevməyə çağırır: “Heyvanlara məhəbbət insanlara məhəbbət bəsləməyi tərbiyə edir. Əgər biz heyvanları seviriksə, insanlara qarşı heç bir zaman pis olmarıq. Heyvanlarda da bir çox ibrətamiz nümunələr var. Heyvan var ki, aysberqdə yaşayır, 2 il öz yuvasına gəlməyəndə başqa heyvan gedib onun yuvasına qalmır. İnsanlar isə bir-birinin evinə oğurluğa girir. Heyvanlar var ki, ovunu yeyir, qalan hissələrini digər heyvanlara paylayır. İnsanlar var ki, yeməyini çürüdür, amma başqaları ilə paylaşmır”. 

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017