Yeniyetmə övladınızın otağını belə dizayn edin - DEKORASİYA NÜMUNƏLƏRİ

Gözəl və dəlisov otağı ən çox yetkinlik dövründəki gənclər sevir. Zövqləri, tərzləri və fərdi üstünlükləri xarakterlə birlikdə meydana gəlməyə başladığı zamanlarda valideynlər uşaqlara heç nəyi bəyəndirə bilməməkdən şikayət edirlər. Əgər söhbət onlara aid xüsusi otaqdan gedirsə, məsələ daha da qəlizləşir. Həm sağlam, həm fərdi inkişaflarına kömək ola biləcək, həm də içində özlərini yaxşı hiss edəcəkləri, fərqli, həqiqətən bəyənəcəkləri bir otaq dizayn etmək çox asan olmasa da, qeyri-mümkün də deyil. Ailem.az gənclərin ürəyindən xəbər verən otaq dekorasiya nümunələri ilə sizi də tanış edir.

 

Yaradıcı naxışlarla hərəkətli divarlar

 

Uşaqlıq dövründən gəncliyə ilk addımlarını atan yeniyetmələrin özlərinə aid otaqlarda ən son istəyəcəkləri adilikdir. Xarakter inkişafının və fərqləndirmənin ən çox reallaşdığı bu dövrdə gənc otaqlarının dekorasiya baxımından qeyri-adi görünüşü önəm daşıyır. Bunu təmin etmənin ən təsirli, iqtisadi və sadə yolu isə yaradıcı naxışları olan divar kağızlarıdır. İstər otağın bütününə, istər yalnız bir qisminə tətbiq olunan, yeniyetmənin sevdiyi rənglərdə və şəxsiyyətinə uyğun motivləri əks etdirən fərqli divar kağızları hər zaman xüsusi və qəşəng bir atmosfer yaratmağı bacarır.

 

Maraq dairəsi

 

Uşaqların gələcəkdə hansı peşə sahəsinə yönələcəyini yetkinlik çağında əldə etdikləri maraq sahələrinə əsasən təyin etmək olar. Onların maraqları seçəcəkləri peşəyə böyük təsir edir. Mütəxəssislər bu dövrlərdə uşağın maraq sahələri mövzusunda onları azad buraxmağa və beləliklə, həyatlarına özlərinin istiqamət verməsi lazım olduğunu söyləyirlər. Bu səbəbdən də əgər uşağın musiqi, kino, ədəbiyyat, şəkil və ya elm kimi spesifik sahələrə xüsusi marağı varsa, bu marağını inkişaf etdirməsinə kömək olacaq dekorasiya mövzuları seçərək otağını onun üçün qüsursuz bir hala gətirə bilərsiniz.

 

Müasir stil

 

Yeniyetmələrin nifrət etdikləri məqamlardan biri də köhnə estetik anlayışlardır. Son texnologiya ilə böyüyən və müasir dövrdə inkişaf edən uşaqların estetika anlayışlarının yaşlı nəsildən fərqli olması çox təbiidir. Məsələn, klassik tərzin estetik sehrini müasir uşaqlar başa düşmürsə, bu, sizə qəribə gələ bilər. Ancaq onlara da sizin klassika vurğunluğunuz qəribə görünür. Buna görə də gənclərin otaqlarının ən əsas xüsusiyyətlərdən biri müasir dizayn anlayışı və son dekorasiya trendləridir.

 

Gələcəyin səyyahları üçün

 

Dünya xəritəsi motivlərinin gənclərin otaqlarında istifadə edilməsi həm təlimçi, həm stil sahibi, həm də dəlisov dizayn fikirlərindən biridir. Xüsusilə gələcək xəyallarında dünyanı gəzmək olan uşaq üçün otaqlarını möcüzə bir dekorasiya ilə təchiz etməyin ən asan yolu böyük dünya xəritələridir.

 

Uşaqlıqla yetkinlik arasında

 

Yetkinlik dövrü uşaqlıqdan gəncliyə ilk addımların atıldığı dövrdür. Buna görə də onların otaq dekorasiyaları həm yetkinliyə xas bir ciddilik, həm də uşaq ruhuna xas əyləncəli dizayn ünsürləri ilə uyğun bir formada olmalıdır. Məsələn, qəşəng və müasir dizayn ünsürlərindən olan  ağac ev konseptindəki çarpayı ilə mükəmməl ahəng yaratmaq mümkündür.

 

Bütün ehtiyacı qarşılayan funksional dizayn

 

Gənc otaqları üçün ayırdığınız sahələr hər zaman geniş kvadrat metrə sahib olmaya bilər. Ancaq uşağınızın otağı kiçik və ya dar olsa belə, onun bütün ehtiyaclarını qarşılayan şəkildə dizayn edilməlidir. Məsələn, otaq kiçik olduğu üçün iş masasını salona qoymaq yerinə, “ağıllı” saxlama yolları və funksional dizayn övladınızın otağında bütün ehtiyaclarını qarşılayar. 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018